ABŞ-da yararsız sayılan maşınlar Azərbaycanda satılır - Avtomobil yanğınlarının əsl səbəbi

ABŞ-da yararsız sayılan maşınlar Azərbaycanda satılır - Avtomobil yanğınlarının əsl səbəbi
11.11.2026 14:58 Sosial

Yollarda təhlükə təkcə qəzalarla bitmir, son zamanlar avtomobillərin anidən alovlanması və hərəkətdə olarkən küçələrdə yanması ilə bağlı narahatedici hallar çoxalıb. Bəs maşınları "barıt çəlləyinə" çevirən və qəfil yanğınlara yol açan əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib ki, ABŞ-dan gətirilən, ön və ya arxa hissəsindən zərər görmüş avtomobillərin bərpası zamanı elektrik sistemindəki problemlər ciddi təhlükə yarada bilər:

“Amerikanın sığorta bazarından gətirilən avtomobillərin bir qismi orada tam yararsız hesab olunur. Azərbaycanda isə həmin avtomobillər yenidən yığılaraq istifadəyə verilir. Bu zaman bəzi elektrik naqilləri sıradan çıxır və onları əvəz etmək üçün uyğun olmayan naqillərdən istifadə olunur. Nəticədə elektrik sistemində həddindən artıq yüklənmə baş verir və bu da yanğına səbəb ola bilər".

Ustanın sözlərinə görə, dizel avtomobillərdə yanacaq sistemi və DPF – dizel hissəcik filtri ilə bağlı problemlər, filtrin tutulması da alışma riski yaradır.

"Bundan başqa, mühərrikxanada yağ sızmaları, mühərrikin həddindən artıq qızması, köhnəlmiş yanacaq boruları, eləcə də əlavə səs gücləndiriciləri və LED işıqların düzgün quraşdırılmaması yanğınla nəticələnə bilər. Bu avadanlıqlar elektrik sisteminə əlavə yük salır. Bəzi sürücülərin mühərrikxanada təmizlik məqsədilə parça saxlaması da təhlükə yaradan amillərdəndir”,- mütəxəsis əlavə edib. 

TodayPress TV

FOTOLAR

ABŞ-da yararsız sayılan maşınlar Azərbaycanda satılır - Avtomobil yanğınlarının əsl səbəbi — 1
XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər