Mingəçevir Reqatasına Azərbaycan damğası: Zəfər yürüşü 22 medalla başa çatdı!
“Mingəçevir Reqatası-2026” beynəlxalq turniri yekunlaşıb.
TodayPress TV xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirin sonuncu - üçüncü günündə Azərbaycan komandası aktivinə 3 qızıl, 3 gümüş və 5 bürünc medal yazdırıb.
2008-2009-cu il təvəllüdlü idmançıların bir nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışında Əlimurad Hacızadə qızıl, Qiyas Əhmədov gümüş, Tengiz Qaqnidze isə bürünc medal qazanıb. Həmin yaş qrupunda bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda Hüseyn Səmədli 3-cü yeri tutub. Eyni kateqoriyada iki nəfərlik kayak qayığında 200 metr məsafəni hamıdan tez Qiyas Əhmədov - Tengiz Qaqnidze cütlüyü qət edərək çempion olub. Sabir Ağayev - Mikayıl Vəliyev dueti isə finişə 3-cü çataraq bürünc medala sahib çıxıb.
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Nizami Kərimov - Maqsud Mantaşev cütlüyü bürünc medal əldə edib. Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda Mustafa Vəlizadə qızıl medala yiyələnib. İki nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda isə Elmir Tarverdiyev - Mustafa Vəlizadə dueti turnirin gümüş mükafatçısı olub.
2008-2009-cu il təvəllüdlü idmançıların iki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə yarışında Azər İlyasov - İsabala Dadaşzadə cütlüyü gümüş, Tunar Məmmədzadə - İsmayıl Şirinov dueti isə bürünc medal qazanıb.
Xatırladaq ki, gənc avarçəkənlərimiz yarışın ilk iki günündə 11 medal qazanmışdılar. Beləliklə, üç günün yekununda milli komandamız hesabıına ümumilikdə 22 medal yazdırıb.
Namiq HUN