“Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır!

“Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır!
05.08.2026 12:24 İdman

“Vacib səfərə çıxırıq. Oyuna yaxşı hazırlaşmışıq və qələbə üçün meydana çıxacağıq”.

TodayPress TV xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Təcrübəli mütəxəssis rəqibi yaxşı tanıdıqlarını və qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı ciddi hazırlaşıb. Onların ölkə çempionatında iki oyunu təxirə salınıb. Polşadan sərfəli nəticə ilə qayıtmaq istəyirik”.

Qurbanov komandadakı zədə durumuna da toxunub:

“Sofiyada ÇSKA ilə oyundan sonra bəzi futbolçularımız zədələndi. Onlar məşqlərdə tam güclə iştirak edə bilmədilər, bərpa prosesi də bir qədər uzandı. Amma bu, vəziyyətimizin pis olduğu anlamına gəlmir. Yolumuza davam edirik. Sadəcə, zamana ehtiyac var və düşünürəm ki, hər şey yaxşı olacaq”.

Baş məşqçi komandanın avrokubok təcrübəsinin vacibliyini də vurğulayıb:

“Belə rəqiblərə qarşı dəfələrlə oynamışıq. UEFA Çempionlar Liqasında da böyük təcrübə qazanmışıq. Bizim kimi bir çox komandalar uğurlu nəticələrini daim qoruyub saxlaya bilməyiblər. Mövsüm ərzində hər oyunda eyni nəticəni göstərmək asan deyil. Sofiyada ÇSKA-ya qalib gəlməsək də, komandamızın oyunundan razı qalmışdım”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Dinamo” (Kiyev) – “Qarabağ” oyunu avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçiriləcək. Cavab görüşü isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər