“Neftçi”də ayrılıq ehtimalı: Camalov son dəfə yoxlanılacaq

İdman

05.01.2026 09:20

“Neftçi” klubunun baş məşqçisi Yuri Vernidub Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək təlim-məşq toplanışında heyətə yenidən nəzər salacaq. Ukraynalı mütəxəssis şans verəcəyi futbolçular arasında Elvin Camalovun da adını daxil edib.

TodayPress TV sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt klubundan məlumat verilib.

Bildirilib ki, Vernidub cari mövsümdə əsas heyətdə mövqeyini itirən dayaq yarımmüdafiəçisini qış toplanışında son dəfə yaxından izləmək qərarına gəlib. Məhz BƏƏ-də keçiriləcək yoxlama oyunlarının nəticələrinə əsasən Camalovun “ağ-qaralar”dakı gələcək taleyinə aydınlıq gətiriləcək.

Xatırladaq ki, Elvin Camalov ötən ilin əvvəlində Samir Abasovun dəvəti ilə “Sabah”dan “Neftçi”yə transfer olunub. O, ötən mövsümün ikinci yarısında əsas heyətdə tez-tez meydana çıxsa da, cari mövsümdə mövqeyini itirib. 2019-cu ildə “Qəbələ”dən ayrılan 30 yaşlı yarımmüdafiəçiyə 6 aylıq icarə əsasında yenidən “qırmızı-qaralar”a qayıtmaq variantı da tövsiyə olunub. Camalov yetişdiyi kluba dönəcəyi halda, daha çox oyun praktikası qazanmaq imkanı əldə edə bilər.

Namiq HUN

TodayPress TV

tag: Elvin Camalov ,“Neftçi”,Yuri Vernidub,Birləşmiş Ərəb Əmirlikləri,Todaypress.tv,