Millinin üzvündə dopinq tapıldı
İdman
21.11.2025 15:43
Azərbaycan Velosiped İdmanı Federasiyası azərbaycanlı velosipedçi Artyom Proskuryakovda aşkarlanan müsbət dopinq nümunəsi ilə bağlı araşdırma aparır.
TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, orqanizmində qadağan olunmuş preparatlar aşkarlanan Proskuryakov milli komandanın heyətindən kənarlaşdırılıb.
Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib.
18 yaşlı velosipedçi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Buna səbəb onun analizində metamfetamin maddəsinin aşkar olunmasıdır.
Qeyd edək ki, Artyom Proskuryakovda müsbət nəticə bu ilin sentyabrında Ruandanın Kiqali şəhərində keçirilən UCI şosse velosiped idmanı üzrə dünya çempionatında “kəşfiyyat testləri” zamanı götürülmüş iki nümunədə müəyyən edilib. Nəticədə ona B nümunələrinin analizini tələb etmək icazəsi verilib.
Testlər gənclərin şosse üzrə qrup yarışından sonra aparılıb. Proskuryakov həmin yarışda finişə çatmayıb, fərdi yürüşdə isə 41-ci yeri tutub.
Namiq HUN
tag: Artyom Proskuryakov,Velosiped,Dopinq,Cəza,Todaypress.tv,
