Qazın qiyməti kəskin bahalaşdı - Avropada qışla bağlı HƏYƏCAN
Avropada təbii qazın qiyməti min kubmetr üçün 1050 dolları ötərək 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarları hazırda 74,6% doludur. Ötən ilin eyni dövründə bu göstərici 85% təşkil edib.
Məlumata əsasən, Hörmüz boğazında yaranan fasilələr və qaz ehtiyatlarının əvvəlki illərlə müqayisədə aşağı olması Avropanın qış mövsümündə təchizatla bağlı narahatlığını artırıb. Soyuq havaların yaxınlaşması və tələbatın artacağı gözləntiləri mövcud ehtiyatların kifayət edib-etməyəcəyi ilə bağlı suallar yaradıb.
Bununla yanaşı, ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü azalıb. Yanvarda 7,67 milyard kubmetr olan tədarük iyulda 5,42 milyard kubmetrə enib. Buna baxmayaraq, Avropanın Amerika qazından asılılığı artıb. ABŞ-ın Avropanın ümumi LNG idxalındakı payı yanvardakı 66,3%-dən 73,5%-ə yüksəlib.
Agentliyin məlumatında qeyd olunur ki, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən bəzi LNG partiyaları son həftələrdə Hörmüz boğazından keçsə də, bu tədarüklər dünya bazarındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyib.
İranla müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə LNG tədarükünün həcmi təxminən 80% aşağı olaraq qalır.
Kübra Musayeva