Meydandan qovuldu, sərt sözlər işlətdi: Vinisiusu ağır cəza gözləyir!
“Real”ın hücumçusu Vinisius Junior La Liqanın VIII turunda “Vilyarreal”la matçda (1:0) qırmızı vərəqə aldıqdan sonra sərt reaksiyası ilə diqqət çəkib.
TodayPress TV “DAZN”ın jurnalisti İsaak Futona istinadən xəbər verir ki, braziliyalı futbolçu meydançanı tərk edərkən La Liqanın matç direktoru Luis Lopesə fiziki güc tətbiq edib.
Matçın 72-ci dəqiqəsində baş hakim İsidiro Dias de Mera VAR izləməsindən sonra Vinisiusun qolunu ləğv edib və hücumçunu rəqib oyunçu Natan Salibin saçından tutduğuna görə meydandan qovub.
Hadisənin təfərrüatlarını bölüşən İsaak Futo bildirib:
“Bu, VAR zonasının yaxınlığında baş verdi və əvvəlcə düşündüm ki, Vinisius onu video-arbitrlərdən biri hesab edib. Lakin mənə məlumat verdilər ki, Vinisius onun La Liqa əməkdaşı olduğunu bilirdi. Üstəlik, o, Luis Lopesə qarşı “Zibil Liqa” sözünü işlətdi və dərhal uzaqlaşdı. Vinisiusun bu davranışı tamamilə qəbuledilməzdir”.
Qeyd edək ki, protokolda hakimə qarşı aqressiv davranış qeydi nəzərə alınarsa, Vinisius Junior daha uzun müddətli diskvalifikasiya cəzası ilə üzləşə bilər.
Namiq HUN