Sadiq Qurbanov: İqlim sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilməlidir

Sadiq Qurbanov: İqlim sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilməlidir
13.10.2026 11:13 Siyasət

İqlim dəyişmələrinə uyğunlaşma, su ehtiyatlarının qorunması və beynəlxalq öhdəliklərin praktiki icrası Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 2026-cı il sentyabrın 7-dən 11-dək Bakıda BMT-nin İqlim Həftəsi 4 və Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Onun sözlərinə görə, tədbirlərdə 140-dan çox ölkədən təxminən 2 700 nümayəndənin iştirakı nəzərdə tutulsa da, faktiki iştirakçıların sayı bundan çox olub.

Sadiq Qurbanov qeyd edib ki, tədbir çərçivəsində 68 genişmiqyaslı tədbir təşkil olunub və onların hər biri yüksək səviyyədə keçirilib. İqlim dəyişmələrinin təsirlərinin azaldılması, enerji keçidi, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələrinə uyğunlaşma və beynəlxalq öhdəliklərin praktiki icrası əsas müzakirə istiqamətləri olub.

O vurğulayıb ki, iqlim diplomatiyası artıq yalnız qlobal problemlərin müzakirəsi ilə məhdudlaşmır. Əsas məsələ qəbul edilmiş qərarların real nəticələrə çevrilməsi, dövlətlərin milli öhdəliklərinin yerinə yetirilməsi və iqlim risklərinə qarşı institusional dayanıqlığın gücləndirilməsidir.

Komitə sədrinin sözlərinə görə, təklif olunan Anlaşma Memorandumu bu əməkdaşlığın təşkilati və hüquqi əsaslarını müəyyən edir. Sənəddə tədbirlərin keçirilməsi, tərəflərin öhdəlikləri, maliyyələşdirmə, texniki təminat, təhlükəsizlik və digər təşkilati məsələlər tənzimlənir. Memorandum, həmçinin milli uyğunlaşma planlarının həyata keçirilməsinə yönələn beynəlxalq əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulayır.

Sadiq Qurbanov iqlim dəyişmələrinə uyğunlaşmanın Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, su ehtiyatlarının qorunması, kənd təsərrüfatının iqlim risklərinə davamlılığının artırılması, Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi və ekosistemlərin mühafizəsi ardıcıl yanaşma tələb edir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, yerli biliklərin tətbiqi, maliyyə və texnologiya imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Komitə sədri bildirib ki, İqlim Həftəsi 4-ün başa çatmasından sonra əsas vəzifə platforma çərçivəsində yaradılmış əməkdaşlıq imkanlarını davamlı nəticələrə çevirməkdir.

O, Anlaşma Memorandumunun təsdiqinin Azərbaycanın beynəlxalq öhdəliklərinin hüquqi çərçivəsinin möhkəmləndirilməsinə, eləcə də iqlim sahəsində tərəfdaşlığın və çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayaraq deputatları qanun layihəsinə müsbət səs verməyə çağırıb.

Qiymət Mahir


XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər