Cavad Zərifdən sensasion açıqlama: “Biz Azərbaycanı hicaba görə niyə təhdid edirik?”
İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsinin qonşu dövlətlərə münasibətini tənqid edərək, təhlükə mərkəzli düşüncə tərzindən imkanyönümlü yanaşmaya keçidin vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, Zərif İranın Azərbaycanı təhdid kimi qəbul etdiyini, Ermənistana münasibətdə də oxşar yanaşma nümayiş etdirdiyini, lakin bunun daha az dərəcədə olduğunu bildirib.
Keçmiş nazirin sözlərinə görə, İran Tacikistan və Türkmənistan kimi digər qonşu ölkələrə münasibətdə də təhlükə amilini ön plana çəkir.
Zərif qeyd edib ki, İranda bir çox məsələ təhlükəsizlik prizmasından qiymətləndirilir. O, hicab məsələsinin belə müdafiə səngəri kimi nəzərdən keçirilməsini bu düşüncə tərzinin nümunəsi kimi göstərib.
Keçmiş XİN rəhbəri sosial məsələlərin hərbi təhlükəsizlik müstəvisinə keçirilməsini də tənqid edib. Onun fikrincə, mövcud vəziyyətdən çıxış yolu yanaşmanın və düşüncə tərzinin dəyişdirilməsindən keçir.
“Biz təhdidyönümlü yanaşmanı imkanyönümlü yanaşma ilə əvəz etməliyik”, – deyə Cavad Zərif vurğulayıb.