FIFA-da maliyyə fırtınası: İnfantinonun milyonluq gizli ödənişləri ifşa olundu!
Beynəlxalq Futbol Federasiyası (FIFA) qurumun prezidenti Canni İnfantinoya edilən təxminən 1,5 milyon avro məbləğində əlavə ödənişlərlə bağlı məlumatları ictimaiyyətdən gizlədib.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Parisien” nəşri “The Times” qəzetinə istinadən məlumat yayıb.
Təşkilatın 2024-cü il üçün açıqlanan illik hesabatına əsasən, İnfantinonun rəsmi gəliri 4,6 milyon avro təşkil edib. Lakin sənəddə 2026-cı il dünya çempionatının ABŞ-də təşkilinə cavabdeh olan “FWC 2026 US Inc” törəmə strukturundan prezidentə əlavə olaraq təxminən 1,5 milyon avronun köçürüldüyü barədə heç bir məlumat yer almayıb.
“The Times” qəzetinin versiyasına görə, həmin vəsait İnfantinonun Mayamidəki xərclərini ödəmək üçün nəzərdə tutula bilərdi.
Məsələ ilə bağlı FIFA-nın İdarəetmə Komitəsinin keçmiş sədri Migel Maduro sərt açıqlama verib:
“Əgər o, FIFA ilə əlaqəli şirkətlərdən əlavə ödənişlər alırsa və bu məlumatlar açıqlanmırsa, bu, qaydaların açıq-aydın pozulmasıdır. FIFA nizamnaməsi tam şəffaflığın təmin olunmasını tələb edir”.
O, dərhal rəsmi araşdırma başlanmasına çağırış edib.
Xatırladaq ki, bundan əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və KONKAKAF da Canni İnfantinonu “FIFA Forward Enterprise” layihəsi çərçivəsində aldatmada ittiham etmişdilər. FƏFA isə öz növbəsində qanunsuz hərəkətlərə yol verildiyi iddialarını rədd edib. İnfantinonun 2027-ci il martın 18-də Rabatda keçiriləcək FIFA prezidentliyi seçkilərində yenidən iştirak etməsi planlaşdırılır.
Namiq HUN