Messinin faciə yaşayan argentinalı jurnalistə yardım təklif etdiyi ortaya çıxdı
Jurnalist Veronika Brunati Lionel Messinin Argentina milli komandasından gedişindən sonra ona minnətdarlıq məqaləsi yazaraq təsirli bir xatirəsini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Infobae” məlumat yayıb.
Brunati 2014-cü ildə həyat yoldaşı, jurnalist Xorxe “El Topo” Lopesin faciəvi ölümündən sonra Messinin ona kömək təklif etdiyini bildirib. Veronika həmin çətin günlərdə futbolçunun ona dəstəyini belə təsvir edib:
“Hadisədən sonra Messi məni Joan Qamper adına məşq bazasına dəvət etdi. Məni qucaqlayıb soruşdu: “Sənin, Aqut və Lusiya üçün nə edə bilərəm?” O, övladlarımın adlarını belə xatırlayırdı! Təəccübləndim və neyləyəcəyimi bilmədim. Mənə kömək etmək üçün təkid etdi. Mən isə sadəcə dedim: “Övladlarım səni görəndə sevinirlər, Leo. Onlar çox ağlayırlar, istəyirəm ki, yenidən gülsünlər”. O “Yox, başqa nə edə bilərəm, Vero?” deyə soruşmağa davam etdi”.
Jurnalist vurğulayıb ki, Messi yalnız böyük futbolçu değil, həm də nümunəvi bir insandır:
“Messi olmasaydı, təkbaşına iki uşaqla dünyanı gəzməyə və millini izləməyə cəsarət edə bilməzdim. O mənə ilham və güc verdi. Messinin ən böyük irsi titullar, rekordlar və ya qollar deyil. Onun ən böyük irsi insanlara bəxş etdiyi xoşbəxtlikdir. Hər şey üçün təşəkkür edirəm, Leo”.
Xatırladaq ki, polis təqibindən qaçan cinayətkarların avtomobili jurnalist Xorxe Lopesin olduğu taksiyə çırpılıb və o, həyatını itirib.
Namiq HUN