Martina: “Dik Advokat dünyanın ən yaxşı məşqçilərindən biridir”
İdman
22.11.2025 17:36
Kürasao Futbol Federasiyasının prezidenti Jilber Martina milli komandanın baş məşqçisi, niderlanlı mütəxəssis Dik Advokat barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Federasiya rəhbəri Advokatı dünyanın ən yaxşı məşqçilərindən biri adlandırıb və yığmanın qarşıdakı mundiala böyük hədəflərlə yollanacağını bildirib.
Martina komandanın hazırkı göstəricilərini yüksək qiymətləndirib:
“Kürasao yığmasının seçmə mərhələ statistikasına baxın: 10 oyun, 7 qələbə və 3 heç-heçə. 11 qol vurmuşuq, cəmi 3 qol buraxmışıq. Bəli, Diklə hər şey qaydasındadır, bu gün özü ilə danışmışam. Vaşinqtonda keçiriləcək püşkatmada görüşəcəyik.”
O, FIFA-nın dünya çempionatında iştirakçı sayını artırmaq qərarının kiçik ölkələr üçün motivasiya yaratdığını da qeyd edib:
“Dünya çempionatının genişləndirilməsi, potensialı və imkanları olan ölkələrə ümid verir. Bu qərarı müsbət qarşılayıram.”
Federasiya prezidenti turnirdə qarşıya qoyulan konkret hədəfi də açıqlayıb:
“Minimum məqsəd — ikinci raunda vəsiqə qazanmaqdır.”
Qeyd edək ki, Dik Advokatın 2024-cü ilin yanvarından çalışdırdığı Kürasao milli komandası tarixində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazanıb. Komanda KONKAKAF zonasında üçüncü mərhələnin yekunlarında birinci yeri tutaraq mundiala yollanıb.
Namiq HUN
tag: Kurasao,Dik Advokaat,Futbol,Tarix,Todaypress.tv,
