"Mançester Siti"nin maliyyə skandalı lağ obyektinə çevrildi: Qrem Potter mətbuatı güldürdü!
İsveç milli komandasının baş məşqçisi Qrem Potter mətbuat konfransı zamanı "Mançester Siti"nin maliyyə pozuntularına eyham vuraraq zarafat edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
İsveç yığmasındakı heyət itkiləri (eyni anda 11 futbolçunun sıradan çıxması) ilə bağlı sualı cavablandıran Potter təbəssümlə ingilis klubuna qarşı irəli sürülən çoxsaylı ittihamlara toxunub.
"Heyət itkiləri? Deyəsən, bizdə zədəli oyunçuların sayı 'Mançester Siti'yə qarşı irəli sürülən ittihamların sayı qədərdir", — deyə o bildirib.
Mətbuat konfransında Poterin yanında əyləşən Viktor Gyökereşin bu zarafat qarşısında gülüşünü çətinliklə saxladığı qeyd olunur.
Xatırladaq ki, İngiltərə Premyer Liqası "Mançester Siti"ni maliyyə qaydalarını pozmaqda və istintaqla əməkdaşlıqdan imtina etməkdə təqsirli bilib. Klub bu ittihamlarla razılaşmadığını və lazımi instansiyalarda öz hüquqlarını müdafiə edəcəyini bəyan edib. Müvafiq qərarın ehtimal olunan nəticələri hələ rəsmən elan edilməsə də, mətbuatın yazdığına görə, klub çempionluq titullarından məhrum edilə bilər.
Qeyd edək ki, "Mançester Siti" 2008-ci ildən BƏƏ-nin "Abu Dhabi United Group" şirkətinin idarəçiliyindədir. Bu müddət ərzində klub 8 dəfə Premyer Liqa çempionluğu, 4 dəfə İngiltərə Kuboku, 7 dəfə Liqa Kuboku və 2022/2023-cü illər mövsümündə Çempionlar Liqasını qazanıb.
Namiq HUN