Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi

Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi
24.07.2026 09:15 İdman

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker Böyük Britaniyada milyonerlər üçün vergilərin artırılmasını tələb edən təşəbbüsə qoşulub.

TodayPress TV xəbər verir ki, Lineker yeni baş nazir Endi Börnhemə ünvanlanan açıq məktubu imzalayan 120 milyonerdən biri olub.

Məktubda bildirilib ki, ölkənin son onilliklərdə qarşılaşdığı problemlərin aradan qaldırılması üçün ən varlı şəxslər daha çox məsuliyyət daşımalıdır.

“Biz – milyonerlər – sizə aydın mesaj veririk: bizi vergiyə cəlb edin. Vergi ödəməklə fəxr edirik və ölkəmizdə qalmaq istəyirik. Söhbət hər gün işləyərək dolanan insanlardan deyil, gəlirlərini sahib olduqları kapital hesabına əldə edən ən varlı şəxslərdən gedir”, – deyə müraciətdə vurğulanıb.

Məktub müəllifləri hesab edirlər ki, sərvət və güc uzun illər ərzində azsaylı insanların əlində cəmləşib və bu, ölkəyə, demokratiyaya və ətraf mühitə mənfi təsir göstərib. Onların fikrincə, daha ədalətli vergi siyasəti həm insanların rifahına, həm də Böyük Britaniyanın gələcəyinə töhfə verə bilər.

Milyonerlər baş nazirdən ən varlı təbəqə üçün vergilərin ədalətli şəkildə artırılmasını nəzərdən keçirməyi xahiş edərək, bunun ölkənin gələcəyinə yatırılan investisiya olacağını bildiriblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər