La Liqadan şok qərar: Karvahalın transferi maliyyə fırıldağı şübhəsilə bloklandı!
"Real Madrid"in sabiq müdafiəçisi və kapitanı Daniel Karvahalın "Xetafe"yə keçidi gözlənilməz problemlə üzləşib.
TodayPress TV xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.
Bildirilib ki, La Liqanın İqtisadi Komitəsi müqavilədə göstərilən maaşın şübhəli dərəcədə aşağı olması səbəbindən transferi bloklayıb. Liqa rəhbərliyi bu addımı maliyyə "fair-play" qaydalarının mümmkün pozuntusu kimi qiymətləndirərək əməliyyatı qeydiyyata almaqdan imtina edib.
"Xetafe" təcrübəli müdafiəçinin illik məvacibini təxminən 400 min avro olaraq bəyan edib. Lakin La Liqa tənzimləyiciləri Karvahalın "Real Madrid"də ilinə təxminən 10 milyon avro qazandığını xatırladaraq müraciəti rədd ediblər. Belə səviyyəli futbolçunun rəsmi gəlirinin 96% azalması gizli ödənişlərin olması şübhəsini doğurub.
La Liqanın heyət xərclərinə nəzarət qaydalarına əsasən, klubların qeyri-rəsmi kommersiya müqavilələri və ya imic hüquqları vasitəsilə maaş limitini dövrələməsinin qarşısını almaq üçün tanınmış futbolçulara baza qiymətləndirməsi tətbiq olunur.
"Xetafe" müqavilə şərtlərini iqtisadi tələblərə uyğunlaşdırmayanadək transfer sual altında qalacaq.
Namiq HUN