79 saniyəyə nokaut və 5:0-lıq darmadağınlar: Boksçularımız çempionluğa addımlayır!

79 saniyəyə nokaut və 5:0-lıq darmadağınlar: Boksçularımız çempionluğa addımlayır!
09.10.2026 11:24 İdman

Monteneqronun Budva şəhərində keçirilən U-17 boks üzrə Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin daha 6 boksçusu yarımfinala yüksələrək medalsız qalmayacaqlarını zəmanət altına alıblar.

Cəmilə Muradlı (57 kq) çexiyalı Rozali Uhrovanı 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə qarşılaşacaq.

Həsrət Məmmədov (46 kq) Slovakiya təmsilçisi Kristian Mezesi cəmi 79 saniyəyə sıradan çıxarıb. Boksçumuzun növbəti rəqibi Ronan Çarlz (İrlandiya) olacaq.

İsmayıl Nəsirzadə (52 kq) israilli Qleb Qrinblatı 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24) hesabı ilə üstələyib. O, finala vəsiqə uğrunda Martin Nevin (İrlandiya) ilə döyüşəcək.

Qardaş Rəhimov (54 kq) belaruslu Mikita Beskaravainy üzərində inamlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə qazanıb. Onun yarımfinaldakı rəqibi Strahinya Mrdak (Monteneqro) olacaq.

Məhəmmədəli İstamov (57 kq) yunanıstanlı Eleftherios Zurnatsis ilə görüşdə rəqib məşqçi ilk 2 raunddan sonra döyüşü dayandırıb. İstamov yarımfinalda Nikita Zaxarçenko (Ukrayna) ilə üz-üzə gələcək.

Hidayət Məmmədov (70 kq) rusiyalı Sandro Tsimtsbanı elə ilk raunddaca nokaut edib. Təmsilçimiz yarımfinalda Paddi Nevin (İrlandiya) ilə gücünü sınayacaq.

Daha öncə yarımfinala adlayan Səma Abbasova (66 kq) və Xumar Cəfərlini (+80 kq) də nəzərə alsaq, özləri üçün çempionatın ən azı bürünc medalını təmin edən boksçularımızın sayı 8-ə çatıb. 

Namiq HUN

FOTOLAR

79 saniyəyə nokaut və 5:0-lıq darmadağınlar: Boksçularımız çempionluğa addımlayır! — 1
79 saniyəyə nokaut və 5:0-lıq darmadağınlar: Boksçularımız çempionluğa addımlayır! — 2
XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər