Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm”
Britaniyalı motosikletçi Kal Kreyçlou zədəli Joan Zarkonu əvəzləyərək “LCR Honda” komandasının heyətində “MotoGP”yə qayıtması barədə danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “FormulaPassion” nəşrinə açıqlama verib.
40 yaşlı pilot bildirib ki, iki illik fasilədən sonra “MotoGP”yə qayıtmaq fikrində olmayıb və yalnız “Honda” ilə LCR komandasının xahişindən sonra yenidən yarışlara qatılmağa razılıq verib.
“İki il yarışlardan uzaq qaldıqdan sonra geri qayıtmaq asan deyil. Xüsusilə də Mucellodan qısa müddət əvvəl Misanoda motosikletə minmədən 30 dövrə vurmaq heç də asan deyil. Bu, zarafat ediləsi məsələ deyil. Mən bu idmanı sevirəm. Yalnız “Honda” və LCR məndən xahiş etdiyi üçün qayıtdım. Başqa biri üçün bunu etməzdim. Buna görə də mən idmanın özündən çox yarışlar və mübarizə üçün darıxmışam”, – deyə Kreyçlou bildirib.
Britaniyalı motosikletçi evdə qalaraq yarışları televiziyadan izləməyin də onun üçün rahat olduğunu söyləyib. O, “MotoGP”də yenidən daimi iştirak etmək niyyətində olmadığını vurğulayıb.
“Evdə də özümü yaxşı hiss edirdim, yarışları sakit şəkildə televizordan izləyirdim. Buna görə bunu daimi çıxışlara qayıtmaq istədiyim kimi qəbul etmirəm. Çünki 100 faiz əminəm ki, bunu istəmirəm. 40 yaşım var, bir neçə aydan sonra 41 yaşım olacaq və mən axmaq deyiləm. Müəyyən sayda yarış keçirəcəyimi və sonra yenidən evə qayıdacağımı bilmək xoşdur”, – deyə o qeyd edib.
Bununla yanaşı, Kreyçlou yarışlara qayıtdıqdan sonra öz üzərində təzyiq yaratmağa başladığını etiraf edib.
“Əvvəlcə düşünürdüm ki, sadəcə yarışacağam, azarkeşlərlə salamlaşacağam və hər şeyi olduğu kimi qəbul edəcəyəm. Sonra isə qəfildən əsəbiləşməyə və rəqabətədavamlı olmağı istəməyə başladım. Bu, yaxşı haldır. Çünki, bunu düzgün səbəblərdən edirəm”, – deyə Kreyçlou bildirib.
Namiq HUN