İngilislərin ağlasığmaz transfer mübarizəsi: Futbolçunu hava limanından qaçırdılar
İngiltərənin "Sanderlend" klubu Fransanın "Lion" komandasının vingeri Malik Fofananı transfer etdiyini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, "The Guardian" nəşri yay transfer pəncərəsinin ən qeyri-adi keçidlərindən birinin detallarını təqdim edib.
Transfer pəncərəsinin son günü - sentyabrın 1-də Lion hava limanında Fofananı iki özəl təyyarə gözləyib. Bunlardan biri "Sanderlend", digəri isə "Kristal Pelas" klubu tərəfindən göndərilib.
İlk olaraq "Sanderlend"ə keçməyi planlaşdıran futbolçu, "Lion"da birgə çalışdığı "Kristal Pelas"ın baş məşqçisi Pyer Saj ilə danışıqdan sonra fikrini dəyişərək London təmsilçisini seçib. Buna baxmayaraq, mübarizədən çəkilməyən "Sanderlend" və "Kristal Pelas" 21 yaşlı oyunçu üçün birgə tibbi müayinə təşkil ediblər.
Daha sonra Liona "Sanderlend"in sahibi Kirill Lui-Dreyfus üçüncü özəl təyyarə ilə gəlib. Klub rəhbəri ilə görüşən Belçika millisinin üzvü fikrini növbəti dəfə dəyişərək yenidən "Sanderlend" variantına üstünlük verib.
Yekunda "Sanderlend" Malik Fofananı rekord məbləğə - 47 milyon funt-sterlinqə transfer edib. Gənc futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.
Namiq HUN