“İlon Maskla eyni sıradadır” - Fransalı ekspert Ronaldunu kəskin tənqid etdi
Fransalı jurnalist Daniel Riolo Portuqaliya milli komandasında hücumçu Kriştianu Ronaldu ətrafında yaşanan skandal barədə sərt fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“O, tamam ayrı bir aləmdə yaşayır. Son illərdə onun ağlını itirdiyini düşünürəm. Onun instaqramına baxmaq və özünü görmək kifayətdir... Mən onu İlon Mask və bu qəbildən olan insanlarla eyni sıraya - transhumanistlər kateqoriyasına aid edərdim. O, başqa qalaktikadadır, artıq bizim aramızda deyil.
Aydındır ki, komanda yoldaşlarına onunla qarşılıqlı əlaqədə olmaq artıq çətindir. O, bizim anladığımız mənada artıq insan deyil. O, özünü başqa bir varlıq - superhuman (fövqəlinsan) və ya bilmirəm kim hesab edir. Hər şeyin bu həddə çatacağına əmin idim. Hələ ki, o, millidən rəsmən ayrıldığını elan etməyib. Lakin bu cür davranışdan sonra nə federasiya, nə də Jorje Jezuş buna göz yuma bilər. Onlar başa salmalıdırlar ki, bu addım çox ciddi intizam pozuntusudur”, - deyə Riolo bildirib.
Xatırladaq ki, baş məşqçi Jorje Jezuş komandada heç bir münaqişənin olmadığını bildirsə də, Ronaldu milli komandanın məşqini tərk edib. Hücumçu düşərgədən ayrılmaq qərarına gəlib və bu addımını şərh edib. Bir sıra Portuqaliya KİV-ləri Ronaldunun milli komandada karyerasını başa vurmaq niyyətində olduğunu yazır.
Namiq HUN