Hidayət Heydərovun yeni çəkisi ilə bağlı qərar verildi

Hidayət Heydərovun yeni çəkisi ilə bağlı qərar verildi
16.07.2026 13:11 İdman

Olimpiya çempionu Hidayət Heydərov növbəti yarışlarda yenidən 73 kq çəki dərəcəsində mübarizə aparacaq.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Hidayət Heydərovun 81 kq çəki dərəcəsində çıxışı yalnız sınaq məqsədi daşıyıb.

"Biz ona şans verdik və 81 kiloqramda çıxışını yoxladıq. Gördük ki, bu çəkidə də uğurla güləşə bilir. Lakin bu, onun 81 kiloqramda qalacağı anlamına gəlmir. Hidayət növbəti yarışlarda yenidən əsas çəki dərəcəsi olan 73 kiloqramda mübarizə aparacaq".

Vitse-prezident milli komandanın üzvü Elcan Hacıyevin vəziyyətinə də toxunaraq, onun əməliyyatdan sonra məşqlərə qayıtdığını bildirib. Məmmədlinin sözlərinə görə, Elcan təlim-məşq toplanışı zamanı çiynindən yenidən zədə alsa da, hazırda hazırlıq prosesini davam etdirir.

Federasiya rəsmisi dünya çempionatı üçün yekun heyətin Dünya Cüdo Turundakı nəticələr, dünya reytinqi və idmançıların təlim-məşq prosesində göstərdikləri performans əsasında müəyyənləşdirildiyini də vurğulayıb.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı oktyabrın 4-11-də Bakıda keçiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər