Xarici səfirlər səhərə qədər Trampdan İrana mesajlar daşıyıb

Xarici səfirlər səhərə qədər Trampdan İrana mesajlar daşıyıb
22.10.2026 14:31 Dünya

Müharibədən əvvəl ABŞ və İran arasında aparılan son mesaj mübadiləsi ilə bağlı məlumat yayılıb.

TodayPress TV xəbər verir ki, iddialara görə, son 24 saat ərzində Rusiya, Pakistan və Qətər vasitəsilə ABŞ Prezidenti Donald Trampın İrana ünvanladığı mesajlar çatdırılıb.

Məlumata əsasən, ABŞ dondurulmuş İran aktivlərindən 6 milyard dolların azad edilməsini Hörmüz boğazının açılması ilə şərtləndirib. Həmçinin, İrana tətbiq edilən dəniz blokadasının aradan qaldırılması müqabilində 60 faiz zənginləşdirilmiş uranın təhvil verilməsi təklif olunub.

Bundan başqa, ABŞ-nin İranla müharibəni dayandırmaq müqabilində Tehrandan Yəməndəki “Ənsar Allah” hərəkatına təzyiq göstərərək onun Səudiyyə Ərəbistanı ilə atəşkəsə razılaşmasını təmin etməsini istədiyi bildirilir. Eyni zamanda, Donald Trampın İsrailin İrana və Livana hücumlarının dayandırılmasına zəmanət verə bilməyəcəyini söylədiyi iddia olunur.

Məlumatda İranın bu təkliflərə sərt cavab verdiyi qeyd edilir. Tehran Yəmən və Səudiyyə Ərəbistanı arasındakı münaqişənin onun işi olmadığını, “Ənsar Allah” hərəkatının qərarlarını müstəqil verdiyini bildirib.

İranın digər şərtinin Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi tələbin yerinə yetirilməsi olduğu iddia edilir. Tehran, həmçinin İsrailin Livan, Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumları dayandırılmadan müharibənin başa çatmasını qəbul etməyəcəyini bəyan edib.

Nüvə proqramı ilə bağlı isə İranın zənginləşdirilmiş uranı ölkə xaricinə çıxarmaqdan imtina etdiyi, əvəzində onun zənginləşdirmə səviyyəsini ölkə daxilində 20 faizə endirməyi təklif etdiyi bildirilir. Bunun müqabilində Tehran bütün sanksiyaların ləğvini, dondurulmuş aktivlərindən 100 milyard dolların azad edilməsini və 300 milyard dollar həcmində müharibə təzminatının ödənilməsini tələb edib.

Məlumatda İranın mümkün müharibə ilə bağlı xəbərdarlığına da yer verilib. İddialara görə, Tehran qarşıdurma yenidən başlayacağı təqdirdə uzaqmənzilli raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edəcəyini, ABŞ-nin və müttəfiqlərinin maraqlarına genişmiqyaslı zərbələr endirəcəyini bildirib. İranın bu zərbələrin qlobal iqtisadiyyatda dollar əsaslı pul sisteminin çökməsinə səbəb ola biləcəyini vurğuladığı iddia edilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər