Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar!
Qusarda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb və yarışın qalibləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə – A (11-16 yaş) və B (10 yaş və daha kiçik) qruplarında keçirilib.
Turnirdə Azərbaycanın 30-a yaxın şəhər və rayonunu, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərini təmsil edən 16 yaşadək oğlan və qız şahmatçılar iştirak ediblər.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olan yarışda qaliblər həm şəxsi, həm də komanda hesabında müəyyənləşib.
A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızlar arasında isə Əsnad Baxşızadə birinci yeri tutub. Hər iki şahmatçı qarşıdakı Avropa çempionatında Azərbaycanı təmsil edəcək.
Müxtəlif yaş kateqoriyalarında İnci Cəbrayılova və Ziya Qubatov (8 yaş), Nurgün Fəxrətzadə və Azad Xuduzadə (10 yaş), Sadəgül Əfəndi və Əyyub Zəkiyev (12 yaş), Əsnad Baxşızadə və Suat İbrahimli (14 yaş), Rəna Ağamirzəyeva və Emin İsmayılov (16 yaş) Respublika Şahmat Olimpiadasının qalibi olublar.
Komanda hesabında A qrupunda 4 nömrəli İOEUGİŞM, B qrupunda isə 3 nömrəli UGİŞM birinci yeri tutub.
Namiq HUN