Futbol əfsanəsinin etirafı: Ferdinand ağır ağrılarla yaşayır
İdman
10.02.2026 17:02
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand sağlamlığı ilə bağlı ciddi problemlər yaşadığını etiraf edib.
TodayPress TV Mirror nəşrinə istinadən xəbər verir ki, 2015-ci ildə futbolçu karyerasını başa vuran Ferdinand uzun müddətdir bel ağrılarından əziyyət çəkdiyini və bəzən əlil arabasından istifadə etməyə məcbur qaldığını bildirib.
Onun sözlərinə görə, karyerası ərzində aldığı zədələr bu gün də öz təsirini göstərir. Rio qeyd edib ki, futbol oynadığı dövrdə altı il ərzində yalnız meydanda qala bilmək üçün dərmanlar qəbul edib və iynələr vurulub. Bu isə sonradan ciddi fəsadlara səbəb olub.
47 yaşlı keçmiş futbolçu bildirib ki, bəzi hallarda bel ağrıları o qədər güclənir ki, bir neçə gün xəstəxanada qalmalı olur və ya hərəkət etmək üçün əlil arabasından istifadə edir.
Karyerasını bitirdikdən sonra ilk dəfə olaraq fizioterapevtlə müntəzəm işləməyə başladığını deyən Ferdinand artıq məşqlərə daha kompleks yanaşdığını və zədələrin qarşısını almağa çalışdığını vurğulayıb.
Qeyd edək ki, Rio Ferdinand “Mançester Yunayted”də 12 ildən çox çıxış edib. O, klubun heyətində 455 oyuna çıxaraq səkkiz qol vurub. Ferdinand futbolu başa vurduqdan sonra televiziya eksperti və şərhçi kimi fəaliyyət göstərir.
Namiq HUN
tag: Rio Ferdinand,Mançester Yunayted,Sağlamlıq,Problem,Todaypress.tv,
