“Formula-1”də mövsümün statistik möcüzəsi: Nikо Hülkenberq
İdman
31.12.2025 17:17
“Kik-Zauber” komandasının pilotu (2026-cı ildən “Audi”) Niko Hülkenberq 2025-ci il “Formula-1” mövsümündə göstərdiyi unikal göstəriciyə görə “Ən yaxşı statistika” üzrə alternativ mükafata layiq görülüb.
TodayPress TV xəbər verir ki, “Formula-1”in rəsmi saytının versiyasına əsasən, mövsümün ən diqqətçəkən statistik nailiyyəti Hülkenberqin ilk podiumuna qədər 238 Qran-pri keçməsi olub.
Alman pilot 15 il ərzində çempionat tarixində podiuma yüksəlmədən ən uzun karyeraya malik sürücü kimi tanınıb.
Bu seriyaya o, 239-cu startında - Böyük Britaniya Qran-prisində son qoyub. Çətin hava şəraitində keçirilən yarışda 19-cu yerdən start alan Hülkenberq finiş xəttini üçüncü keçərək karyerasında ilk dəfə podiuma yüksəlib.
Qeyd edək ki, bu nəticə eyni zamanda “Kik-Zauber” komandası üçün 2012-ci ildən bəri ilk podium olub. 37 yaşlı Hülkenberq isə 1973-cü ildən sonra “Formula-1” tarixində podiuma yüksələn ən yaşlı debütant kimi də tarixə düşüb.
Namiq HUN
tag: Kik-Zauber,Audi,Niko Hülkenberq,F1,Todaypress.tv,
