Fonseka: “O, oyunun taleyini təkbaşına həll edə bilən futbolçudur”

İdman

04.01.2026 10:45

“Lion” klubunun baş məşqçisi Paulu Fonseka “Real Madrid”dən mövsümün sonunadək icarəyə götürülən Endrik barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. 

Portuqaliyalı mütəxəssis bildirib ki, braziliyalı futbolçu komandaya çox tez uyğunlaşıb və artıq məşqlərə başlayıb:

“Endrik xüsusi keyfiyyətlərə malik oyunçudur. Bizə məhz bu profildə futbolçu lazım idi. Komanda onu çox yaxşı qarşıladı. Söhbət etdik, o, özünü xoşbəxt hiss edir, biz də belə səviyyəli oyunçunun heyətə qoşulmasından məmnunuq”.

Fonseka Endrikin fərdi keyfiyyətlərini də vurğulayıb:

“O, məsuliyyəti üzərinə götürə bilən futbolçudur. Texniki səviyyəsi yüksəkdir, sürətlidir. Həm hücumun mərkəzində, həm də sağ cinahda oynaya bilər. İlkin mərhələdə onu əsasən hücumçu mövqeyində görürəm”.

Baş məşqçi futbolçunun fiziki durumuna da toxunub:

“Madriddə məşq etdiyinə görə fiziki baxımdan hazırdır. Lakin oyun praktikasının azlığı səbəbindən hələ 90 dəqiqə oynamağa tam hazır olmaya bilər. Buna baxmayaraq, məşqlərdə yaxşı təsir bağışlayır və ciddi şəkildə köklənib”.

Fonseka hücum xəttində oynayan futbolçudan asılı olaraq komandanın taktiki modelinin də dəyişəcəyini qeyd edib.

Xatırladaq ki, Endrik “Lion”a mövsümün sonunadək icarə əsasında transfer olunub.

Namiq HUN

TodayPress TV

tag: Lion,Paulu Fonseka,Klub,Endrik,Todaypress.tv,