Flik “Sabah”la duel öncəsi güclü mesaj verdi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin IV turunda “Aston Villa”ya qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, almaniyalı mütəxəssis komandasının çıxışından, xüsusilə müdafiədəki oyunundan razı qaldığını bildirib:
“Bu, bizim üçün əhəmiyyətli uğur idi. Çox güclü rəqibə qarşı mübarizə apardıq. Müdafiədə etibarlı çıxış etdik və bu istiqamətdəki oyunumuzdan razıyıq. Qapımızı toxunulmaz saxlamaq üçün hər bir futbolçu əlindən gələni etdi. Bununla belə, qarşıda hələ çox işimiz var.
Bütün futbolçular əla oyun keçirdi. Meydanda oyunçular arasındakı məsafə minimum səviyyədə idi. Kompakt çıxış etdik və cərimə meydançamızda düzgün müdafiə olunduq”.
Qeyd edək ki, “Barselona” növbəti turda, noyabrın 25-də səfərdə Azərbaycan çempionu, “Sabah” klubu ilə qarşılaşacaq. “Aston Villa” isə bir gün əvvəl Türkiyədə “Qalatasaray”ın qonağı olacaq.
Namiq HUN