Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu
“Formula-1” üzrə “Red Bull” komandasının pilotu Maks Ferstappen komandadakı kadr dəyişiklikləri ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Niderlandlı sürücü Milton-Kins təmsilçisində böhran yaşandığı barədə iddiaların həddindən artıq şişirdildiyini deyib.
“Bu komanda mənim üçün ikinci ailə kimidir. Burada çox gözəl anlar yaşamışam. Əlbəttə, çətin dövrlər də olub. Bu mövsümə də asan başlamadıq, amma indi düzgün istiqamətdə irəlilədiyimizi düşünürəm”, – deyə Ferstappen bildirib.
Dördqat dünya çempionu qeyd edib ki, son illərdə komandadan ayrılanlar olduğu kimi, yeni mütəxəssislər də kollektivə qoşulub.
“İnsanlar həmişə mənfi məqamlara diqqət yetirirlər. Kimsə komandadan ayrılan kimi elə təəssürat yaranır ki, sanki çox dramatik hadisə baş verib. Halbuki bu, peşəkar idmanın bir hissəsidir. Futbolda da eyni vəziyyət yaşanır – uğurlu oyunçular və ya rəhbər şəxslər digər klublara keçirlər”, – deyə o vurğulayıb.
Ferstappen əlavə edib ki, illər ərzində komanda daxilində güclü münasibətlər formalaşdırıb və hər zaman açıq ünsiyyətə üstünlük verib.
Namiq HUN