Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır!

Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır!
11.08.2026 15:00 İdman

Somalili hakim Omar Artan UEFA Superkubokunda PSJ ilə “Aston Villa” arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. 

TodayPress TV xəbər verir ki, UEFA-nın rəsmi saytına müsahibə verən Artan qitə turnirində hakimlik edəcək ilk avropalı olmayan referi olacaq.

34 yaşlı Artan ona göstərilən etimadı yüksək qiymətləndirib və UEFA ilə Afrika Futbol Konfederasiyasına (CAF) təşəkkür edib.

Son 18 ay ərzində somalili hakim bir sıra mühüm uğurlara imza atıb. O, CAF Çempionlar Liqasının finalını idarə edən ilk somalili referi olub, 2025-ci il CAF-da “İlin ən yaxşı hakimi” mükafatına layiq görülüb və 2026-cı il dünya çempionatında hakimlər heyətinə daxil edilib. Lakin Artanın Amerika Birləşmiş Ştatlarına daxil olmasına icazə verilmədiyi üçün o, dünya çempionatında iştirak edə bilməyib.

“Bu, çox çətin dövr idi. İnsan uzun illər çalışır və müəyyən məqsədə çatmağa hazırlaşır, lakin son anda bunu edə bilməyəndə çox ağır olur. Buna baxmayaraq, dünyanın hər yerindən aldığım dəstəyi çox yüksək qiymətləndirirəm və buna görə minnətdaram.

Bura gəlmək mənim üçün böyük şansdır, amma bu mərhələyə çatmaq üçün çox çalışmışam və bununla həqiqətən fəxr edirəm. Bu, Avropadakı ilk oyunum olacaq. Yeni təcrübələr, xatirələr və biliklər qazanmaq həmişə möhtəşəmdir.

CAF-ın UEFA ilə əməkdaşlıq etməsi mənim üçün fantastik hadisədir. UEFA hakimlər üçün dünyanın ən yaxşı konfederasiyasıdır. Avropadakı səviyyə çox yüksəkdir və orada futbol da çox yaxşıdır. Düşünürəm ki, CAF hakimləri UEFA-dan, UEFA hakimləri isə CAF-dan çox şey öyrənə bilər. Bu, qarşılıqlı faydalı əməkdaşlıqdır.

Bu mühüm oyuna təyin olunmaq mənim üçün böyük şərəfdir. UEFA-ya, həmçinin CAF prezidenti və bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, – deyə Omar Artan UEFA-nın saytına açıqlamasında bildirib.

Qeyd edək ki, Artanın UEFA Superkubokuna təyinatı UEFA ilə CAF arasında aprelin sonunda imzalanan qarşılıqlı anlaşma memorandumu çərçivəsində həyata keçirilib. Sazişin məqsədi hakimlik də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməkdir.

UEFA Superkuboku uğrunda PSJ – “Aston Villa” oyunu avqustun 12-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər