DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi

DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi
13.08.2026 08:12 İdman

Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli komandasının baş məşqçisi təyin olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

“BƏƏ Futbol Assosiasiyası xorvatiyalı Zlatko Daliçin milli komandanın baş məşqçisi təyin olunduğunu açıqlamaqdan məmnundur”, – deyə qurumun yaydığı məlumatda bildirilib.

Komandanın əvvəlki baş məşqçisi Kosmin Olaroyu 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışdan sonra may ayında vəzifəsindən istefaya göndərilmişdi.

Daliç isə iyul ayında Xorvatiya millisindəki fəaliyyətini başa vurub. 59 yaşlı mütəxəssis doqquz il ərzində komandanın baş məşqçisi olub.

Onun rəhbərliyi altında Xorvatiya 2018-ci il dünya çempionatında gümüş medal qazanıb. Komanda həmçinin 2022/2023 mövsümündə Millətlər Liqasında ikinci, 2022-ci il dünya çempionatında isə üçüncü yeri tutub.

2026-cı il dünya çempionatında isə Xorvatiya millisi 1/16 final mərhələsində mübarizəni dayandırıb. Balkan təmsilçisi bu mərhələdə Portuqaliyaya 1:2 hesabı ilə məğlub olub.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər