DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım

DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım
29.07.2026 16:14 İdman

FIFA prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin xarici investorlara satışı planını dəstəkləmələri üçün təşkilata üzv olan assosiasiyalara maliyyə paketi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. 

Bildirilib ki, plan təsdiqlənəcəyi təqdirdə FIFA-ya üzv olan 211 assosiasiyanın hər biri 40 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ala bilər.

Mənbənin bildirdiyinə görə, söhbət dünya çempionatının hüquqlarının bir hissəsinin satışından əldə olunacaq gəlirin bölüşdürülməsindən gedir. Assosiasiyalara qərar vermək üçün 53 günlük müddət tanınıb.

Canni İnfantino üzvlərə ünvanladığı məktubda vurğulayıb ki, yekun qərar assosiasiyaların öhdəsinə düşür. Təklif qəbul olunacağı halda, 2027-ci il yanvarın 1-dən etibarən ümumi həcmi 10 milyard ABŞ dolları olan yeni maliyyələşdirmə proqramı qüvvəyə minəcək.

Əgər assosiasiyalar bu təklifdən imtina etsələr, FIFA əvvəl elan etdiyi maliyyə proqramını qüvvədə saxlayacaq və onun həcmini əlavə 2,7 milyard ABŞ dolları həcmində artıracaq.

Bununla yanaşı, xarici investorların cəlb edilməsinə qarşı çıxan bəzi mənbələr İnfantinonun təşəbbüsünü mümkün rüşvət cəhdi kimi qiymətləndiriblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər