“Bir günə həll olunası məsələ illərlə uzandı” - Karrager “Mançester Siti”nin sirrini açdı!

“Bir günə həll olunası məsələ illərlə uzandı” - Karrager “Mançester Siti”nin sirrini açdı!
30.09.2026 13:43 İdman

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager “Mançester Siti”yə qarşı maliyyə qaydalarını pozmaqla bağlı irəli sürülən ittihamlar barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. 

“Şokdayam, amma eyni zamanda təəccüblənmirəm. İki sadə səbəbə görə onların günahkar olduğunu həmişə bilirdim. Birincisi, “Mançester Siti”nin kommersiya gəlirləri səviyyəsinə görə “Liverpul”, “Mançester Yunayted” və ya “Real Madrid”ə çatması qeyri-mümkün idi. Onlar illərlə bu qədər məbləğ qazandıqlarını iddia edirdilər. Lakin klub nə qədər böyük uğurlar qazanırsa-qazansın, bu mümkün deyil. İkincisi: onlar dünən də - bu müddət ərzində olduğu kimi – “heç bir yanlış etmədiklərini” və əllərində “təkzibedilməz sübutlar” olduğunu iddia edirdilər. Hər kəsə yaxşı məlumdur ki, polis sizə ittiham irəli sürəndə və əlinizdə günahsızlığınızı sübut edən təkzibedilməz dəlillər olduqda, məsələ bir günə və ya bir həftəyə həll olunur - burada isə hər şey illərlə uzandı.

Hər hansı bir pozuntunun olmadığını iddia etmələrinə baxmayaraq, işin bu qədər uzanması faktı özlüyündə çox şeydən xəbər verir. Şokdayam, çünki “Mançester Siti”nin arxasında duran gücü və maliyyə resurslarını nəzərə alaraq, Premyer Liqanın onları məhkəmədə üstələyə biləcəyinə heç vaxt inanmırdım. Məncə, Premyer Liqaya əldə etdiyi bu nəticəyə görə haqqını vermək lazımdır. Qələbənin inandırıcı görünməsi üçün liqaya sadəcə işi udmaq yox, məhz bu şəkildə - tutaq ki, 115 ittiham maddəsindən 114-ü üzrə uğur qazanmaq lazım idi”, – deyə Karrager bildirib.

Qeyd edək ki, müstəqil komissiya “şəhərlilər”i 115 maddədən 114-ü üzrə təqsirli bilib. Klub isə bütün ittihamları rədd etməkdə davam edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər