Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirildi - FOTO
Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, növbəti yarışda starta beş Qarabağ və beş Dilbaz atı çıxıb.
TodayPress TV xəbər verir ki, 4 yaşlı Dilbaz atlarının handikap yarışında Orxan Hacıyev “Tomris” ləqəbli atla qalib gəlib.
O, 2000 metr məsafəni 2 dəqiqə 35,96 saniyəyə qət edib.
Hilal Nəzərovun “Lavin” atı 2 dəqiqə 42,78 saniyə nəticə ilə ikinci, Sadiq Azayevin “Savaş” atı isə 2 dəqiqə 53,38 saniyə nəticə ilə üçüncü olub.
5 yaş və yuxarı Qarabağ atlarının 2000 metr məsafəyə yarışında Rauf Tahirov “Xatun” atı ilə finiş xəttini birinci keçib. Lakin handikap qaydalarını pozduğu üçün onun nəticəsi nəzərə alınmayıb.
Beləliklə, qalib adını Hilal Nəzərovun çapdığı “Sultan” atı qazanıb. O, məsafəni 2 dəqiqə 28,60 saniyəyə qət edib. Albina Həsənovanın “Dəmirçi” atı 2 dəqiqə 45,95 saniyə nəticə ilə ikinci, Amina Hacıyevanın “Rufian” atı isə 2 dəqiqə 47,12 saniyə nəticə ilə üçüncü olub.
Qeyd edək ki, mövsümün son yarışı oktyabrın 17-də keçiriləcək.