“Barselona” əfsanəsindən səs-küylü etiraf: “Qızıl top”un yeni sahibi kim olmalıdır?
“Barselona” və İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda “Qalf Yunayted” klubunu çalışdıran Andres İnyesta 2026-cı il üçün “Qızıl top” mükafatının potensial qalibi haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Marca” nəşrinə bildirib.
Jurnalistlə söhbət zamanı təcrübəli mütəxəssis milli komandasının dördilliyin böyük turnirindəki qələbəsini də xatırlayaraq, hazırkı futbolçu nəslinin perspektivlərini vurğulayıb:
“Hər şeyi birbaşa stadiondan yaşamaq çox gözəl və özəl idi. 16 ildən sonra milli komandanın yenidən dünya çempionu olduğunu tribunalardan izləmək inanılmaz duyğu idi. Bir ulduza sahib olmaq artıq böyük nailiyyətdir, lakin iki ulduz həm komandanı, həm də bütün ölkəni tamamilə fərqli bir səviyyəyə qaldırır. Dediyiniz kimi, bu futbolçu nəslinin çox böyük uğurlar qazanmağa qadir olduğunu düşünürəm. Ən əsası, bunu çox estetik şəkildə edirlər. Bir neçə illik perspektivə baxsaq, əsas heyətin demək olar ki, bütün üzvləri növbəti altı il ərzində də oynamağa davam edə biləcəklər. Bu, həqiqətən də çox müsbət məqamdır.
“Qızıl top”a gəlincə, bu mükafatı bir ispanın qazanmasını istərdim. Həm fərdi, həm də komanda səviyyəsində əldə etdikləri uğurları nəzərə alsaq, bu, çox gözəl olardı. Hesab edirəm ki, məhz belə də olmalıdır” - deyə İnyesta bildirib.
Namiq HUN