“Barsa” azarkeşlərinə müjdə: Jezus göy-narıncı formanı geyindi!

“Barsa” azarkeşlərinə müjdə: Jezus göy-narıncı formanı geyindi!
02.09.2026 09:39 İdman

Braziliyalı hücumçu Qabriel Jezus “Arsenal”dan “Barselona” klubuna keçidini şərh edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə klubun sosial şəbəkə hesabına  danışıb.

“Özümü əla hiss edirəm. Bura mənə nağıl kimi gəlir. Həmişə bir gün “Barselona”da oynamaq imkanı əldə edəcəyimi xəyal etmişəm. Uşaqlıqda “Barsa”nın o qədər oyununa baxmışam ki... Çox həyəcanlıyam və yeni komanda yoldaşlarımla məşqlərə mümkün qədər tez başlamaq istəyirəm. Onların hamısı yüksək səviyyəli futbolçulardır. Mən bura oynamaq üçün gəlmişəm və ümid edirəm ki, azarkeşlərin xoşuna gələcək.

Erik Qarsiya, Rodri, Kanselu və Rafinyanı artıq tanıyıram, onlar uyğunlaşmağımda mənə kömək edəcəklər. Soyunub-geyinmə otağı haqqında çox yaxşı sözlər eşitmişəm. Buradakı hər kəs “Barselona”nın qələbəsi üçün çalışır. Mənim də motivasiyam eynidir: qollar vurmaq və komandaya kömək etmək. Məsələ yalnız qollarda deyil, meydanda başqa çox şey edə bilərəm. Qol vurmaq “doqquzluq” mövqeyinin əsas vəzifəsidir, lakin müxtəlif yollarla fayda verə biləcəyimə inanıram. Əlbəttə, ən vacibi “Barsa”nın liderliyini qorumaq və çoxlu kuboklar qazanmaqdır.

Buna qədər “Barselona”ya qarşı yalnız yoldaşlıq matçında oynamışdım. Odur ki, bu formada meydana çıxacağım an mənim üçün çox özəl olacaq. Dediyim kimi, uşaqlıqda həmişə “Barsa”ya azarkeşlik etmişəm. İndi “Kamp Nou”da göy-narıncı formada oynamaq şansım var və bu, əvəzolunmazdır. Əmin ola bilərsiniz ki, bütün gücümü qoyacağam, hər top uğrunda mübarizə aparacağam. Cərimə meydançasında həmişə qol qoxusunu duyacağam. Qollar, məhsuldar ötürmələr, topu almaq, müdafiədə və hücumda oyun — həmişə komanda yoldaşlarımı dəstəkləyəcəyəm. Mənim xarakterim belədir, oyuna bütün ruhumu qoymalıyam. Azarkeşlər məndən bunu gözləyə bilərlər”, — deyə Jezus bildirib.

Qeyd edək ki, Qabriel Jezus “Barselona” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər