Maks Ferstappendən sərt, lakin dürüst açıqlamalar!
“Red Bull” komandasının heyətində dördqat “Formula-1” çempionu olan Maks Ferstappen cari mövsümün startını ötən illə müqayisə edib və komanda daxilindəki münasibətlərdən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Ötən mövsümlə müqayisə aparan niderlandlı pilot bildirib:
“Tamamilə fərqli hekayədir. Ötən il hər şey maşının tənzimləmələri ilə bağlı idi. Uzun müddət düşündük ki, o, müəyyən nizamlamalarla işləyə bilməz. Sonra isə məlum oldu ki, işləyə bilər. Bu, bizim üçün faydalı təcrübə oldu".
Cari mövsümdə vəziyyətin fərqli olduğunu vurğulayan pilot əlavə edib:
“Bu il hər şey başqadır. Mövsümün əvvəlində maşında istənilən tənzimləməni sınaya bilərdik, amma bu, balansı yaxşılaşdırmağa kömək etməzdi. Son yeniləmələr çox kömək etdi. İndi öz ritmimi tapmaq və imkanların maksimumunda sürmək mənə daha asandır”.
Komanda daxilindəki ünsiyyət tərzinə də toxunan Ferstappən sərt görünməsinə baxmayaraq, məqsədinin hər zaman mükəmməlliyə nail olmaq olduğunu qeyd edib:
“Bəzən sərt oluram, amma hər şeydən əvvəl birbaşa və dürüstəm. Komanda bilir ki, mən heç nəyi şəxsi qəbul etmirəm. Mən sadəcə perfektsionistəm və həmişə hər şeyi daha yaxşı etmək istəyirəm, xüsusən də bunu həqiqətən yaxşılaşdırmaq mümkün olduğunu biləndə”.
Namiq HUN