Azərbaycan cüdosunda yapon dəst-xətti: Tələbələr üçün unikal ustad dərsi!
Azərbaycan Cüdo Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsinin cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələri üçün praktiki ustad dərsləri təşkil olunub.
TodayPress TV xəbər verir ki, milli komandaların Təlim-Məşq Bazasında təşkil edilən məşğələlər Yaponiyanın tanınmış cüdo mütəxəssislərindən biri, Tokai Universitetində məşq sisteminin formalaşmasında mühüm rol oynamış VIII dan sahibi Kenji Mitsumoto tərəfindən aparılır.
Praktiki dərslər zamanı tələbələrə cüdo texnikalarının tədrisi, məşq prosesinin düzgün təşkili və müasir metodların tətbiqi ilə bağlı dəyərli biliklər ötürülür. Məşğələlərdə ayrı-ayrı texniki elementlər əyani şəkildə nümayiş etdirilir, onların icra prinsipləri və tədris metodikası ətraflı izah olunur.
Ustad dərslərinin keçirilməsində əsas məqsəd gələcək məşqçilərin nəzəri biliklərini praktiki hazırılıqla zənginləşdirmək və beynəlxalq təcrübəni mənimsəmələrinə şərait yaratmaqdır.
Namiq HUN