Azərbaycan cüdoçuları mübarizəni erkən dayandırdılar

İdman

29.11.2025 14:53

Birləşmiş Ərəb Əmirliklərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. 

TodayPress TV xəbər verir ki, Əbu-Dabi turnirinin ikinci yarış günündə tatami üzərinə çıxan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Rəşid Məmmədəliyev mübarizəni erkən mərhələlərdə dayandırıblar.

73 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 final görüşündə Tacikistan idmançısı Muhiddin Asadulloyevə məğlub olub.

Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev isə 1/16 finalda ABŞ təmsilçisi Stiven Boldbaatara uduzaraq turniri erkən başa vurub.

Qeyd edək ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurublar. Milli üzvlərindən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), həmçinin Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) fəxri kürsüdən kənarda qalıblar.

Ən yaxşı nəticəyə bürünc medal uğrunda görüşdə Türkiyə cüdoçusu Salih Yıldıza uduzaraq beşinci olan Əhməd Yusifov imza atıb.

“Böyük Dəbilqə” turniri noyabrın 30-da başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Hidayət Heydərov, Cüdo, Beynəlxalq, Olimpiya, todaypress.tv,