Ayrı-seçkilik edənləri ağır cəza gözləyir

Ayrı-seçkilik edənləri ağır cəza gözləyir
31.07.2026 11:04 İdman

İngiltərədə irqçilik və ayrı-seçkiliyə görə ən azı 10 oyunluq cəza tətbiq olunacaq. 

TodayPress TV xəbər verir ki, İngiltərədə yeni mövsümdən etibarən irqçilik və ayrı-seçkilik xarakterli davranışlara görə futbolçular, məşqçilər və digər matç iştirakçıları minimum 10 oyunluq diskvalifikasiya ilə cəzalandırılacaqlar.

Məlumata görə, İngiltərə Futbol Assosiasiyası (FA) mövsüm öncəsi intizam qaydalarını sərtləşdirib. Yeni qaydalar etnik mənsubiyyət, dəri rəngi, irq, milliyyət, din və ya etiqad, cins, cinsi orientasiya və ya əlilliklə bağlı birbaşa və ya dolayı təhqir və ayrı-seçkilik hallarını əhatə edir.

FA-nın açıqlamasında bildirilib:

“Bu iyrənc davranışla mübarizə üçün daha sərt tədbirlərə ehtiyac var. Buna görə də yenilənmiş intizam qaydalarına əsasən, belə hallarda tənzimləyici komissiyalar minimum 10 oyunluq diskvalifikasiya tətbiq etməlidirlər”.

Qeyd olunub ki, ağırlaşdırıcı hallar müəyyən edilərsə, cəza 10 oyundan da çox ola bilər. Yüngülləşdirici hallar nəzərə alınarsa, diskvalifikasiya azaldıla bilər, lakin heç bir halda 6 oyundan aşağı olmayacaq. Təkrar qayda pozuntularına görə isə daha ağır sanksiyalar tətbiq ediləcək.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər