Avropada növbəti zəfər: Batutçularımız Slovakiyanı fəth etdilər!
Slovakiyanın paytaxtı Bratislavada batut və ikili mini-batut gimnastikası üzrə “Slovak Trampoline Open Cup” beynəlxalq turniri başa çatıb.
TodayPress TV xəbər verir ki, turnirdə ölkəmizi Melisa İsmixanova, Vəfa Əlisultanova, İbrahim Mustafazadə, Əli Niftəliyev, Fərhad Vəliyev və Çingiz Vəliyev təmsil ediblər.
Gimnastlarımız müxtəlif proqramlarda uğurla çıxış edərək ümumilikdə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Batut gimnastikasının sinxron proqramında Əli Niftəliyev və İbrahim Mustafazadə dueti 39.600 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və çempion olublar.
İkili mini-batut proqramında Çingiz Vəliyev 49.300 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların analoji yarışında Vəfa Əlisultanova 44.000 xal toplayaraq qızıl medala sahib çıxıb. Eyni proqramda mübarizə aparan Fərhad Vəliyev isə 46.000 xal nəticə ilə 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Fərdi proqramda çıxış edən İbrahim Mustafazadə (51.710 xal) və Fərhad Vəliyev (51.800 xal) öz kateqoriyalarında 2-ci pillədə qərarlaşaraq gümüş medala yiyələniblər. Əli Niftəliyev isə 51.499 xalla 3-cü yeri tutaraq komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.
Namiq HUN