Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu

Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu
30.07.2026 13:14 İdman

Avropa futbol assosiasiyaları PSJ-nin prezidenti Nasir Əl-Xəlaifini 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində Canni İnfantinoya əsas rəqib kimi dəstəkləməyi nəzərdən keçirirlər.

TodayPress TV “Politico” nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüsün əsas səbəbi FIFA-nın yaratmağı planlaşdırdığı “FIFA Forward Enterprise” adlı yeni kommersiya qurumudur. 

Layihəyə əsasən, təşkilat dünya çempionatı da daxil olmaqla FIFA turnirlərinin media və kommersiya hüquqlarını idarə edəcək.

Məlumata görə, FIFA layihənin maliyyələşdirilməsi üçün yeni qurumun təxminən 20 faiz səhmini sataraq 4,2 milyard ABŞ dollarınadək vəsait cəlb etməyi planlaşdırır. 

Bildirilir ki, FIFA prezidenti Canni İnfantino təşəbbüsə dəstək müqabilində milli assosiasiyalara əlavə maliyyə vəsaiti təklif edib. Lakin bu plan UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyası tərəfindən etirazla qarşılanıb. UEFA məsələ ilə bağlı vahid mövqe formalaşdırmaq üçün təcili onlayn iclas keçirib. Müzakirələr zamanı FIFA-nın təşkil etdiyi turnirlərin boykot edilməsi ehtimalı da gündəmə gəlib.

Mənbənin yazdığına görə, 2026-cı il dünya çempionatı zamanı Avropa futbol dairələrində İnfantinoya alternativ namizəd məsələsi daha da aktuallaşıb. Əsas namizəd kimi isə 2011-ci ildən PSJ-yə rəhbərlik edən, 2021-ci ildən Avropa Klublar Assosiasiyasının prezidenti olan və UEFA İcraiyyə Komitəsinin üzvü Nasir Əl-Xəlaifi göstərilir.

Qeyd edək ki, FIFA prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər