Avropa çempionatında iki karateçimiz medal görüşünə çıxacaq

İdman

21.05.2026 10:50

Almaniyada karate üzrə Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Frankfurt şəhərində keçirilən yarışın ilk günündə Azərbaycanın iki qadın karateçisi bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Avropa çempionu Irina Zaretska (68 kq) yarımfinal mərhələsini keçə bilməyib. Təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Era Kocanı məğlub edən idmançımız bürünc medal uğrunda ispan Mariya Nieto ilə qarşılaşacaq.

Digər karateçimiz Gülay Orucova (61 kq) yarımfinalda rusiyalı Altana Basanqovaya uduzub. Buna baxmayaraq, o, Bosniya və Herseqovina təmsilçisi Emina Sipoviçlə üçüncülük uğrunda döyüşəcək.

Hər iki karateçimiz şənbə günü bürünc medal görüşünə çıxacaq.

Bu gün kata üzrə kişi komandamız, həmçinin kumite yarışlarında karateçilərimiz mübarizə aparacaq. Kumitedə qadın komandamız Şotlandiya, kişi komandamız isə İspaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 23 karateçi ilə təmsil olunur. 50 ölkədən 500-ə yaxın idmançının qatıldığı turnir mayın 24-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Irina Zaretska,karate,Avropa çempionatı,Gülay Orucova,Todaypress.tv,