Avrokuboklarda intizam sistemi tam dəyişdi!

Avrokuboklarda intizam sistemi tam dəyişdi!
04.08.2026 15:44 İdman

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində sarı vərəqələrin hesablanması ilə bağlı yeni qaydalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, avrokubokların əsas mərhələsində futbolçular və komandaların rəsmi nümayəndələri qırmızı vərəqə ilə nəticələnməyən dörd sarı vərəqə aldıqları halda bir oyunluq cəzalanacaqlar. Bundan sonra isə diskvalifikasiya hər növbəti cüt saylı sarı vərəqədən – altıncı, səkkizinci və s. sonra tətbiq olunacaq.

Təsnifat mərhələlərində isə əvvəlki qaydalar qüvvədə qalacaq. Belə ki, futbolçu və ya rəsmi şəxs qırmızı vərəqə ilə nəticələnməyən üç sarı vərəqədən sonra cəzalanacaq, sonrakı diskvalifikasiyalar isə hər növbəti tək saylı sarı vərəqədən sonra qüvvəyə minəcək.

UEFA bildirib ki, bu dəyişikliklər 2024/2025 mövsümündən tətbiq edilən avrokubok formatı islahatları ilə əlaqədardır. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində oyunların sayının altıdan səkkizə çatdırılması sarı vərəqələrə görə diskvalifikasiyaların artmasına səbəb olub. Yeni qaydaların məqsədi oyunların sayı ilə intizam cəzaları arasında balans yaratmaqdır.

Qeyd olunub ki, eyni qaydalar əsas mərhələsi altı oyundan ibarət olan Konfrans Liqasında da tətbiq ediləcək. UEFA bunu qış transfer pəncərəsində futbolçuların müxtəlif avrokuboklarda çıxış edən klublar arasında keçid etməsi ehtimalı ilə əsaslandırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər