Artur Melonun “Yuventus” macərası bitdi: braziliyalı azad agent oldu!
İtaliyanın “Yuventus” klubu braziliyalı yarımmüdafiəçi Artur Melo ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv ediblər. 30 yaşlı futbolçu azad agent statusu alıb.
“Arturun müqaviləsi qarşılıqlı razılaşma əsasında rəsmən ləğv edilib. Gələcək karyerasında ona uğurlar arzulayırıq!” – deyə klubun mətbuat xidməti bildirib.
Qeyd edək ki, Artur Melo “Qremio” klubunun yetirməsidir və 2010-2018-ci illərdə komandanın sistemində çıxış edib. Braziliyalı futbolçu karyerası ərzində “Barselona”, “Liverpul” və “Fiorentina”nın da formasını geyinib.
Melo ötən mövsümü icarə əsasında “Qremio”da keçirib. O, “Yuventus”un heyətində ümumilikdə 63 matça çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında braziliyalı yarımmüdafiəçinin hazırkı bazar dəyəri 4 milyon avro qiymətləndirilir.
Namiq HUN