Almaniya mundial arzusu üçün hərəkətə keçdi
Almaniya 2038 və ya 2042-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir.
TodayPress TV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Almaniya 2026-cı il dünya çempionatının başa çatmasından dərhal sonra 2038 və ya 2042-ci il mundialını keçirmək üçün namizədliyini irəli sürmək niyyətini açıqlayıb.
Bu barədə “Ayntraxt” klubunun baş icraçı direktoru və Almaniya Futbol İttifaqının (DFB) İdarə Heyətinin üzvü Aksel Hellmann danışıb.
Həm DFB, həm də qurumun prezidenti Bernd Noyendorf 2042-ci il dünya çempionatına namizəd olmaq istəyir, eyni zamanda 2038-ci il üçün də müraciət ehtimalı nəzərdən keçirilir. Yekun qərar FIFA-nın qaydalarından asılı olacaq.
A.Helmann vurğulayıb ki, Almaniyada dünya çempionatını keçirmək üçün lazımi stadionlar, məşq bazaları, nəqliyyat və hotel infrastrukturu mövcuddur. Bununla yanaşı, bəzi arenaların müasir tələblərə uyğun yenilənməsinə ehtiyac olduğunu qeyd edib.
Hellmann xatırladıb ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ölkənin beynəlxalq imicinə müsbət təsir göstərmişdi. Onun fikrincə, yeni mundial həm ölkənin tanıtımı, həm də nəqliyyat infrastrukturunun inkişafı baxımından uzunmüddətli fayda verə bilər.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Turnirin bəzi oyunlarına isə Uruqvay, Argentina və Paraqvay ev sahibliyi edəcək. 2034-cü il mundialı isə Səudiyyə Ərəbistanında təşkil olunacaq.
Namiq HUN