64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək

64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək
13.08.2026 09:18 İdman

FIFA prezidenti Canni İnfantino dünya çempionatında iştirakçı komandaların sayının 64-ə çatdırılması ideyasından hələ də imtina etməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Daha əvvəl FIFA-nın avqustun 14-dək dünya çempionatında iştirakçı sayının 48-dən 64 komandaya yüksəldilməsi ilə bağlı qərar verməyi planlaşdırdığı bildirilmişdi.

Məlumata görə, dünya çempionatının televiziya yayım hüquqlarının bir hissəsinin özəl investorlara satılması cəhdi ilə bağlı yaranan qalmaqaldan sonra təzyiqlərlə üzləşən İnfantino Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) qurumun turnirdə iştirakçı sayının artırılması təklifini dəstəklədiyini bildirib.

KONMEBOL 2030-cu il dünya çempionatının 64 komandanın iştirakı ilə keçirilməsini təklif edib. Məqsəd Cənubi Amerikada üçdən çox oyunun təşkilinə imkan yaratmaqdır. 

Turnirin əsas hissəsinə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Uruqvay, Argentina və Paraqvay isə dünya çempionatının 100 illiyi münasibətilə hərəyə bir qarşılaşma keçirəcək.

Bildirilir ki, İnfantino Kolumbiyada səfərdə olarkən KONMEBOL prezidenti Alexandro Dominqes də onunla birlikdə olub. Dominqes kolumbiyalı jurnalistlərə İnfantinonun gördüyü işlərin diqqətdən kənarda saxlanılmasının mümkün olmadığını deyib. Səfər zamanı dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi planı da müzakirə edilib.

FIFA isə qərarın yalnız İnfantino tərəfindən deyil, təşkilatın Şurası tərəfindən veriləcəyini vurğulayıb.

İnfantino eyni zamanda FIFA prezidenti postunda qalmaq üçün dəstək toplamağa çalışır. UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyası onun istefasını tələb edən qurumlar sırasındadır. Məlumata görə, KONKAKAF-ın 35 üzvündən yalnız Meksika İnfantinoya dəstəyini ifadə edib.

Meksikanın bu mövqeyi ölkənin gələcəkdə KONKAKAF-dan ayrılaraq KONMEBOL-a qoşulmaqla bağlı mümkün təşəbbüsünə İnfantinonun dəstək verəcəyi gözləntiləri ilə əlaqələndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər