11 oyunluq rekord seriya Londonda bitdi
İdman
31.12.2025 10:24
İngiltərə Premyer Liqasının XIX turunda “Arsenal” doğma meydanda “Aston Villa”nı 4:1 hesabı ilə məğlub edərək rəqibinin tarixi qələbə seriyasına son qoyub.
TodayPress TV xəbər verir ki, bu məğlubiyyətlə Birmingem təmsilçisinin 11 oyunluq qalibiyyət seriyası başa çatıb.
Sözügedən seriya klub tarixinin ən yaxşı göstəricilərindən biri hesab olunurdu. Qeyd edək ki, “Aston Villa” tarixində oxşar seriya cəmi iki dəfə - 1897 və 1914-cü illərdə qeydə alınıb və hər iki halda da ardıcıl qələbələrin sayı 11 olub.
Unai Emerinin rəhbərlik etdiyi komandanın uğurlu seriyası Avropa Liqasının qrup mərhələsinin IV turunda “Makkabi” üzərində 2:0 hesablı qələbə ilə başlayıb. Daha sonra “Aston Villa” “Bornmut”u (4:0), “Lids Yunayted”i (2:1) məğlub edib, Avropa Liqasında isə “Yanq Boyz”u (2:1) üstələyib. Premyer Liqada ardıcıl olaraq “Vulverhempton” (1:0), “Brayton” (4:3) və “Arsenal” (2:1) üzərində qələbələr qazanılıb. Seriya çərçivəsində həmçinin “Bazel” (2:1), “Vest Hem” (3:2), “Mançester Yunayted” (2:1) və “Çelsi” (2:1) də məğlub edilib.
Hazırda “Aston Villa” Premyer Liqanın turnir cədvəlində 39 xalla 3-cü pillədə, Avropa Liqasının ümumi cədvəlində isə 15 xalla üçüncü yerdə qərarlaşıb.
Namiq HUN
tag: Arsenal,Aston Villa,PL,Futbol,Todaypress.tv,
