Kamçatkada çətin vəziyyətdə qalan azərbaycanlıdan YENİ XƏBƏR - FOTO
Kamçatkada Tolbaçik vulkanına səfər edən müxtəlif ölkə vətəndaşlarından ibarət turist qrupunun əlverişsiz hava şəraiti ilə əlaqədar çətinliklərlə üzləşdiyi bildirilir. Qrupun tərkibində Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.
TodayPress TV xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu vəziyyətlə bağlı yerli qurumlarla əlaqə saxlayıb. Həmçinin Kamçatkada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə əlaqə yaradılıb.
Hazırda Kamçatka diyarının aidiyyəti dövlət qurumları turist qrupu ilə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyəti nəzarətdə saxlayır.
Bölgədə son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən turistlərin təxliyəsi üçün helikopterlər də daxil olmaqla hava nəqliyyatından istifadə imkanları məhdudlaşıb.
Bununla belə, qrupla əlaqənin qorunması, turistlərin vəziyyəti barədə mütəmadi məlumat alınması və hava şəraiti imkan verən kimi onların təhlükəsiz əraziyə təxliyəsi üçün zəruri tədbirlər görülür.
Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu vəziyyəti diqqətdə saxlayır və Rusiya qurumları, eləcə də Kamçatkada yaşayan azərbaycanlılarla koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Həmçinin, turist özü sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
“Dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm!
Biz isti yerdəyik. İsinə biləcəyimiz kiçik bir evimiz var. İsti yataq çantalarımız və çadırlarımız da var.
Şam yeməyi üçün bizə başqa düşərgədən yemək gətirdilər”.
Kübra Musayeva
