İcra başçısı Kürdə batan sakinin axtarışına qoşuldu - FOTOLAR
Noyabrın 22-də Qazax rayonunun Birinci Şıxlı kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun Kür çayının həmin kənd ərazisindən keçən hissəsində çayı keçərkən batdığı ehtimal olunur.
TodayPress TV xəbər verir ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşın axtarışlarına başlanılıb. Hazırda axtarış-xilasetmə tədbirləri onun batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir.
Noyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev Birinci Şıxlı kəndində olublar.
Vəzifəli şəxslər Kür çayında batdığı ehtimal olunan Yaqub Məmmədovun axtarış prosesi ilə yerində tanış olub, hadisə ilə bağlı görülən işlər və axtarış tədbirlərinin gedişi barədə maraqlanıblar.
Axtarış-xilasetmə əməliyyatı davam edir.