Ramiz Mehdiyevin villası Bayıl yamacını uçurdu

Ramiz Mehdiyevin villası Bayıl yamacını uçurdu
30.09.2026 11:15 Gündəm

Bakının sürüşmə riski yüksək olan ərazilərindən Bayıl yamacında avtomobil yolunun 6 aydan artıqdır bağlı qalması və bərpa işlərinin uzanması sakinlərin narazılığına səbəb olub. 

TodayPress TV xəbər verir ki, ərazidə yolun bağlanması nəticəsində 53 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti də dəyişdirilib.

Avtobus artıq yamaca qalxmır, Azneft meydanı istiqamətindən hərəkət edərək son dayanacaq kimi 20-ci sahə dairəsinə qədər gedir. Bu dəyişiklik Bayıl yamacında yaşayan sakinlərin gündəlik gediş-gəlişində ciddi çətinliklər yaradıb. 

Sakinlər avtobus dayanacağından yaşayış evlərinə çatmaq üçün dik yoxuşu piyada qalxmalı olduqlarını bildirirlər. Bu vəziyyət xüsusilə yaşlılar, məktəblilər və fiziki imkanları məhdud şəxslər üçün əlavə çətinlik yaradır. Sakinlər aidiyyəti qurumlardan 53 nömrəli avtobusun son dayanacağının yenidən nəzərdən keçirilməsini istəyirlər. Onların fikrincə, təhlükəsizlik tələblərinə əməl olunmaqla avtobusun yamaca daha yaxın uyğun bir nöqtəyə qədər hərəkətinin təmin edilməsi mümkündür. 

Bayıl yamacında sürüşmə riskinin səbəbləri ilə bağlı isə uzun illərdir müxtəlif fikirlər səsləndirilir. Əsas amillər sırasında sürüşmə riski olan ərazidə aparılan qanunsuz tikinti işləri, iri obyektlərin və fərdi yaşayış evlərinin yamaca yaratdığı əlavə yük, eləcə də qrunt sularının hərəkəti göstərilir. Yamacda yerləşən bəzi tikililərin sürüşmə zonasının daxilində olduğu bildirilir. Onların arasında keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən villa da göstərilir. 

Vaxtilə yamacın kəsilərək həmin villaya xüsusi yol çəkilməsi isə sürüşmənin daha da aktivləşməsinə səbəb olduğu deyilir. Sakinlər yolun bərpası ilə bağlı işlərin nə zaman başa çatacağına dair aidiyyəti məlumat gözləyirlər. 

Onların sözlərinə görə, yolun uzun müddət bağlı qalması ilə yanaşı, ictimai nəqliyyatın əvvəlki marşrut üzrə hərəkətinin məhdudlaşdırılması ərazidə yaşayan insanların gündəlik həyatına ciddi təsir göstərir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər