Erməni əsilli bloger Bakıya gəldi
Sankt-Peterburqda yaşayan erməni əsilli bloger, broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
TodayPress TV xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarışla əlaqədar Bakıda 5 gün qalan Tamazyan səfəri ilə bağlı “Instagram”da paylaşım edib. Onun paylaşımları qısa müddətdə minlərlə istifadəçinin diqqətini çəkib.
Tamazyan səfərdən əvvəl Bakıya gəlməklə bağlı narahatlıqlarının olduğunu, buna görə də müxtəlif rəsmi qurumlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlərinə müsbət cavab verilib və Bakıya səfərlə bağlı hər hansı problem yaşamayacağı deyilib.
Turist Azərbaycana daxil olarkən gözlədiyindən daha rahat qarşılandığını qeyd edib. O bildirib ki, hava limanında sərhədçilər harada qalacağını soruşub və yoxlama prosesi cəmi bir neçə dəqiqə çəkib.
Tamazyan Bakıda olduğu müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində insanların onların erməni soyadlarını gördüklərini, lakin heç bir halda mənfi münasibətlə üzləşmədiklərini deyib.
O, səfəri zamanı Bakının Zəfər Parkını da ziyarət edib. Tamazyan bildirib ki, Azərbaycana gəlməzdən əvvəl keçirdiyi narahatlıq və qorxular şəxsi təcrübəsindən sonra tamamilə dəyişib.
Kübra Musayeva